Vətəndaşlar öz hüquqlarını qorumaq üçün könüllülük əsasında istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər. İstehlakçılar birliyi ictimai təşkilatdır və fəaliyyətini qanunvericiliyə əsasən həyata keçirir.
İstehlakçılar birliyinin hüquqları bunlardır:
- Malların istehlak xassələri, keyfiyyəti, qiyməti və onlara olan tələbat barədə ictimai fikri öyrənmək;
- Mal, iş, və xidmətlərin ekspertizasını aparmaq üçün müvafiq dövlət orqanlarına müraciət etmək;
- Lazımi məlumat almaq üçün müvafiq icra hakimiyyəti orqanları və təsərrüfat subyektlərinə sorğu göndərmək;
- Dövlət orqanlarına mal, iş, və xidmətlərin keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə nəzarət etməyə kömək etmək;
- İstehlakçılara hüquqi məsləhətlər vermək;
- Mal, iş, və xidmətlərin keyfiyyəti ilə bağlı normativ sənədlərin hazırlanması üçün təkliflər vermək;
- İstehlakçıların maraqlarını müdafiə etmək üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;
- Təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun gəlməyən mal, iş, və xidmətlərin istehsal və satışını dayandırmaq, əsassız artırılmış qiymətlərlə məhsul satışını dayandırmaq, qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər vermək;
- İstehlakçıların hüquqlarını məhkəmədə müdafiə etmək;
- Keyfiyyətsiz mal, iş, və xidmətlərin istehsalında təqsirkarların məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;
- İstehlakçıların hüquqları barədə ictimaiyyətə məlumat vermək;
- İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına dəstək olmaq.