star Tez-tez verilən suallar

Sual sizindir, cavab bizim

Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Bu məsələ Qanunla necə tənzimlənir?

Satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir.

Satıcı məhsul haqqında istehlakçıya hansı məlumatları verməlidir?

Satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilmə şərtləri, təminat öhdəlikləri, malın işlədilmə, saxlanılma və təhlükəsizlik qaydaları barədə dolğun məlumat verməlidir.

Ərzaq məhsullarında isə ən vacib elementlər tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlığa zərər vuran maddələrin miqdarı və digər məsələlərdir.

Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək hüququ var.

Məhsulun zəmanət müddəti necə müəyyən edilir?

Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?

İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır.

İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?

Əgər əşya üçün zəmanət müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?

Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır.

İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir.

Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.

Əşyanın yararlıq müddəti nədir və necə hesablanır?

Yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına müəyyənləşdirilən müddətdir.

Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanır, istifadəyə yararlığını göstərən vaxt ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.

Telefonla birgə satılan aksesuarlara zəmanət verilirmi?

Köməkçi aksesuarların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) zəmanət müddətindən az olmamalıdır.

Məhsulun təmir müddəti uzandıqda istehlakçı hansı hüquqlara malikdir?

İcraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və işi vaxtında bitirmirsə, istehlakçının müqavilədən imtina etmək və zərərin ödənilməsini tələb etmək hüququ var. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı itirdikdə, korladıqda, zədələdikdə alıcıya keyfiyyət və qiyməti uyğun olan digər məhsul təqdim etməlidir. Bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın dəyərini və dəymiş zərəri 1 (bir) aydan gec olmayaraq ödəməlidir.

Məhsul haqqında hansı sənədlər istehlakçıya mütləq təqdim edilməlidir?

İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri təqdim etməyə borcludur.

Məhsulun dəyişdirilməsi necə həyata keçirilir?

Satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, alıcı qeyri-ərzaq məhsulunu ona verildiyi andan 14 gün müdətində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Dəyişmək üçün zəruri mal olmadıqda alıcı malı qaytara və ödədiyi pulu geri ala bilər. Geri qaytarılan məhsul işlənmiş olmamalı, istehlak xassələri qorunub saxlanılmalıdır. Eyni zamanda alıcı məhsulu məhz həmin yerdən aldığına dair sübutlar təqdim etməlidir.

Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?

Nazirlər Kabinetinin 1998-ci il tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib:

  • qızıl və qızıl məmulatları;
  • qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
  • İstehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
  • parfümer-kosmetika malları;
  • bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
  • məişət kimyası malları;
  • şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
  • uşaq oyuncaqları;
  • istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
  • ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
  • dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

 

İstehlakçı məhsulun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini aldığı yerdə yoxlaya bilərmi?

İstehlakçı aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini alandan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.

Məhsul alarkən müqavilənin bağlanması zəruridirmi və bu necə həyata keçirilir?

İstehlakçı və qarşı tərəf arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. İcraçı öhdəliklərini icra etmədiyi hallarda dəymiş zərərə görə istehlakçı hüquqlarını həmin müqavilə əsasında müdafiə edə bilər.

 

Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə hansı qaydada aparılmalıdır?

Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə yazılı formada rəsmiləşdirilir. Sifarişçiyə isə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və digər məsələlər əksini tapmalıdır.

İstifadədə olmuş malların satış xüsusiyyətləri qanunla necə tənzimlənir?

Əgər satılan mal istifadədə olmuşdursa, istehlakçıya bu barədə düzgün məlumat verilməlidir. İstifadədə olmuş qeyri-qida mallarına dair istehlakçılara malın vəziyyəti və qüsurları (çatışmazlıqları), texniki xüsusiyyətləri (mürəkkəb texniki mallar üçün) barədə də məlumat verilməlidir.

İstifadədə olmuş qeyri-qida mallarının vəziyyəti, xüsusiyyətləri, o cümlədən qüsurları (çatışmazlıqları) haqqında məlumatlar əmtəənin yarlığında göstərilməlidir.

Müəyyən olunmuş tələblərə uyğunluğun təsdiq edilməsi, yararlılıq və ya xidmət müddəti haqqında məlumat verilməsi tələb olunan istifadədə olmuş qeyri-qida məhsulları satışa təqdim edildikdə, lakin belə məlumatların verilməsi mümkün olmadıqda, satıcı bu haqda istehlakçını xəbərdar etməlidir.

İstifadədə olmuş mallara satışqabağı baxış keçirilməli, növlərinə və istehlak xüsusiyyətlərinin itirilməsi əlamətlərinə görə ayrılmalı, xarici əlamətlərinə görə keyfiyyəti, malın işə yararlılığı, komplektliyi və lazımi sənədlərin mövcudluğu yoxlanılmalıdır.

İstifadədə olmuş texniki mürəkkəb məişət əşyaları satılan zaman istehlakçıya əmtəə çeki ilə yanaşı (satıcıda mövcud olduğu zaman), müvafiq texniki sənədlər (texniki pasport və ya onu əvəz edən sənədlər, istifadə qaydaları barədə təlimat), həmçinin zəmanət talonu verilməlidir.

 

Sifarişlə hazırlanan məhsullar üzrə zəmanət müddəti müəyyən edilmədikdə münasibətlərin tənzimlənməsi:

İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.

İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.

İstehlakçının yuxarıdakı bəndlərində nəzərdə tutulmuş tələbləri işin (xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər.

 

Mənbə: İHM AR Qanunu, 9-cu maddə.

 

Məhsulun tərkib hissələrinə ayrı-ayrılıqda zəmanət müddəti müəyyən edilə bilərmi?

Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat üçün qarantiya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər sayılır və əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır.

Satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir.

Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır.

Beləliklə, məhsulun əsas tərkib hissələrinə ayrı-ayrılıqda zəmanət müddətinin müəyyənləşdirilməsi qanunvericiliyə ziddir.

Mənbə: Mülki Məcəllə, 583-cü maddə.

Məhsulun satışı zamanı satıcının öncədən təqdim etdiyi təsvirə uyğun mal satılmadıqda istehlakçının hansı hüquqları var?

Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda öncədən nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib surətdə azaldılması və ya əşyanın komplektinin ağlabatan müddətdə tamamlanmasını tələb edə bilər.

Əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcı komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını və ya alğı-satqı müqaviləsinin icrasından imtina edə və ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Qüsurlu mal dəyişidirilərkən qiymət fərqi necə hesablanır?

Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.

Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.