İstehlakçı hüquqları

Zərərin ödənilməsi hüququ

İstehlakçılar keyfiyyətsiz və ya sağlamlıq üçün təhlükəli olan mal, xidmət və işlərin vurduğu zərərin ödənilməsini tələb edə bilərlər.

Əgər istehlakçı aldığı malda qüsur aşkar edərsə,  onun müqavilənin ləğv olunmasını və zərərin ödənilməsini tələb etmək hüququ var. Bu, onun qanunvericiliklə müəyyən edilmiş hüquqlarından biridir.

İstehlakçı mal, iş və xidmətlərin adi şəraitdə istifadə olunması, saxlanılması və daşınması, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olması, həmçinin əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir.

İcraçı iş və xidmət zamanı istehlakçının həyatı, sağlamlığı və ya əmlakına təhlükəli material, avadanlıq və digər vasitələrlə zərər vurubsa, onların xassələrini bilib-bilməməsindən asılı olmayaraq, məsuliyyət daşıyır.

Mal, iş və xidmətin qüsurları nəticəsində dəymiş zərər qanunvericilikdə daha yüksək məsuliyyət yoxdursa, günahkar tərəfindən tam ödənilməlidir. Qüsurlu və keyfiyyətsiz mal, iş və xidmət səbəbindən əmlaka zərər vurulan zaman bu qayda, yalnız həmin əmlakın istehlak məqsədilə istifadə edildiyi hallarda tətbiq edilir.                                      

İstehlakçıların hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, dəymiş ziyan günahkar tərəfindən ödənilməlidir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, ödənilən mənəvi ziyanın dəyəri məhkəmə tərəfindən müəyyən edilir.

Mal, iş və xidmət haqqında yanlış və natamam məlumat, eləcə də haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərərə görə istehlakçı tələblərinə baxılarkən onun mal iş və xidmət xassələri barədə xüsusi biliyinin olmaması ehtimalı nəzərə alınmalıdır.

Öhdəliklərin icra edilmədiyi hallarda icraçı tərəfindən cərimənin ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.  

İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır (Məsələn, kassa çekində alınmış malların dəyişdirilməsi və ya qaytarılmasının qeyri-mümkün olduğu barədə qeyd varsa, bu yanlışdır). Belə şərtlərin tətbiqi nəticəsində istehlakçıya dəyən zərər təqsirkar tərəfindən tam həcmdə ödənilməlidir.

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Qanunvericilik

Keçid et arrow