Mal, iş və xidmətlərin keyfiyyətinin qanunvericiliyin tələblərinə, müqavilə şərtlərinə və satıcının təqdim etdiyi məlumata uyğun olmasını tələb etmək istehlakçının hüququdur.
Satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun keyfiyyətli əşya verməlidir. Əgər müqavilədə əşyanın keyfiyyəti barədə şərtlər yoxdursa, satıcı istifadə məqsədinə yarayan əşya təqdim etməlidir. Yaxud alıcı əşyanı əldə etməsinin konkret məqsədlərini bildiribsə, satıcı ona uyğun əşya verməlidir. Məsələn, alıcının bol köpüklü qəhvəbişirən cihaz əldə etmək istəyinə baxmayaraq, ona belə funksiyası olmayan mal satılırsa, istehlakçı məqsədinə yaramayan malı əldə etmiş olur.
Əgər satıcı əşyanı nümunəyə və ya təsvirə əsasən satırsa, o, alıcıya həmin nümunə və ya təsvirə uyğun gələn əşyanı verməyə borcludur.
Azərbaycan Respublikası ərazisinə idxal olunmuş mal, iş və xidmətlərin lazımi keyfiyyətini təsdiq edən sənəd olmalıdır. İstehsalçı (icraçı) mal, iş və xidmət nəticələrinin xidmət müddəti ərzində (belə müddət yoxdursa, 10 il ərzində) təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.
Standartlar və qanunvericilik əsasında ayrı-ayrı mal qrupları üzrə məlumatlar istehlakçıların nəzərinə çatdırıla bilər:
İstehlakçının tələbi ilə satıcı sertifikat və ya onun surətini, qaimə-fakturanı tanış olması üçün ona təqdim etməyə borcludur.
Nəzarət markası ilə markalanmalı malların nəzarət markası olmadan ticarət obyektlərində saxlanması və satılması qanunvericiliklə məsuliyyətə səbəb olur.
Qanunvericiliklə sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi qadağandır.
Satıcı qanunvericilik, standartların məcburi tələbləri və ya müqavilə şərtləri əsasında satışa təqdim olunan malların keyfiyyətini və təhlükəsizliyini (baxış, sınaq, təhlil, ekspertiza yolu ilə) yoxlamağa borcludur.