Əziz balacalar,
“İstehlakçı” dedikdə nə başa düşülür?
Gündəlik həyatımızda mağazadan ərzaq, paltar, oyuncaq və s. alırıq. Yaxud restoranda, kafedə yemək sifariş edirik, oyun zallarında əyləncəli oyunlar oynayırıq. Bu halda hamımız istehlakçı oluruq. Yəni, bir malı, xidməti alıb istifadə edən şəxs istehlakçıdır.
Bəs, istehsalçı kimdir?
İstehsalçı - bir məhsulu, məsələn, paltarı, oyuncağı, ərzağı və s. hazırlayan şəxs və ya şirkətdir. Məsələn, dərsə gələrkən istifadə etdiyiniz məktəb çantasını istehsalçı fabrikdə hazırlayıb və sonra siz onu mağazadan almısınız.
Bəs, satıcı kimdir?
Satıcı bir məhsulu satan şəxs və ya mağazadır. Məsələn, sən mağazaya gedirsən və oradan almaq istədiyin oyuncaq, paltar və ya başqa bir şeyi satıcı sənə satır. Yəni, satıcı malı hazırlayan istehsalçıdan alır və onu sənə satır.
Gəlin, indi istehlakçının hüquqları ilə tanış olaq.
Məlumat almaq, keyfiyyətli mal və xidmət almaq, malı dəyişdirmək və qaytarmaq sənin hüquqların sırasındadır.
Məlumat almaq hüququ dedikdə nə başa düşülür?
Hər bir istehlakçının məlumat almaq hüququ var. Məlumat almaq hüququ odur ki, istehlakçıya mal və xidmət haqqında düzgün və tam məlumat verilməlidir. Məsələn:
✽ Malın üzərində və ya etiketində onun adı, istehsalçısının adı, ünvanı, xidmət və yararlılıq müddəti göstərilməli, tərkibi və təhlükəsiz şəkildə istifadə qaydaları barədə məlumatlar verilməlidir. ;
✽ Eyni zamanda satışda olan hər bir malın üzərində və ya qarşısında satış qiymətini göstərən qiymət kağızı olmalıdır.
Məsələn, satıcı sizə məktəb çantası satırsa, onun üzərində adı, qiyməti, kim tərəfindən istehsal edildiyi, hansı materiallardan hazırlandığı barədə məlumat olmalıdır.
Başqa ölkədən gətirilən mal haqqında məlumatlar Azərbaycan dilinə tərcümə edilməlidir.
Malların qiyməti yalnız manatla göstərilməlidir.
Satıcı mal haqqında yanlış məlumat verməməlidir. Əgər yalnış məlumat veribsə və sən nəticədə düzgün seçim edə bilməmisənsə, bu zaman məhsulu qaytarıb pulunu geri ala bilərsən.
Satıcı alıcıya qəbz və ya kassa çeki verməlidir. Bu onların arasında olan alqı-satqının sübutudur.Gələcəkdə hər hansı istehlakçı hüququnuz pozularsa, satıcıya müraciət edəndə bu sənəd tələb olunacaq.
Məsələn, sən termos almısan, Lakin istifadə zamanı onda qüsur olduğunu (qırıq olduğunu) aşkar etmisən. Alış-veriş edərkən sənə verilən çeklə malı qaytararaq pulunu geri ala bilərsən.
Keyfiyyətli mal və xidmət almaq sənin hüququndur dedikdə nə başa düşülür?
✽ Aldığın mal və ya xidmətin keyfiyyəti yaxşı olmalıdır.
✽ Mal satıcının onun haqqında verdiyi məlumata uyğun gəlməlidir.
✽ Sən malı nə məqsədlə aldığını satıcıya demisənsə, o sənə uyğun malı verməlidir.
✽ Əgər malın nümunəsini və ya şəklini göstərərək alırsansa, satıcı sənə həmin təsvirə uyğun gələn malı verməlidir.
Məsələn, rəsm çəkmək üçün boya almısan, amma onun kəskin qoxusu var, boyayarkən qopur və rəngi solursa, bu məhsul keyfiyyətsiz ola bilər.
Məsələn, satıcıya macəra kitabı almaq istədiyini bildirirsən, o sənə başqa janrda kitab satırsa, bu yanlışdır.
Məsələn, satıcıya futbol və ya tenis oynamaq üçün seçdiyin rəngdə top şəkilini göstərirsən, o sənə fərqli oyun üçün, fərqli rəngdə top gətirirsə, bu doğru deyil.
Malın dəyişdirilməsi və qaytarılması hüququ dedikdə nə başa düşülür?
Aldığın normal keyfiyyətdə olan qeyri-qida malının forması, ölçüsü və ya rəngi sənə uyğun deyilsə və ya təyinatı üzrə istifadə edilə bilmirsə, alındığı gün nəzərə alınmamaqla 14 gün ərzində onu başqa mal ilə dəyişdirə bilərsən.
Malı dəyişdirən və ya qaytaran zaman o, istifadə olunmamış olmalıdır.
Satıcıdan malı aldığını sübut edən sənəd, qəbz, kassa çeki olmalıdır.
Dəyişdirmək istədiyin mal mağazada yoxdursa, sən:
✽ Başqa bir mal seçə bilərsən (qiyməti yenidən hesablanmaqla)
✽ Pulunu geri ala bilərsən
✽ Sənə uyğun mal satışa gələndə dəyişdirə bilərsən. Satıcı mal mağazaya gələn kimi sənə xəbər verməlidir.
Məsələn, mağazadan damalı dəftər almısan, amma sənə ana dili dərsi üçün xətli dəftər lazımdır. Bu zaman qəbz və ya kassa çeki ilə onu 14 gün ərzində dəyişdirə bilərsən.
Məsələn, qələm qabı almısan. Amma onun ölçüsü və rəngi səni qane etmir. Bu zaman qəbz və ya kassa çeki ilə ilə birlikdə 14 gün ərzində mağazaya yaxınlaşa bilərsən. Daha öncə aldığın qələm qabını başqası ilə dəyişdirə bilərsən. Əgər satışda uyğun mal yoxdursa, pulunu geri ala bilərsən. Ya da həmin mal satışa gələnə qədər gözləyə bilərsən. Satıcı mal mağazaya gələn kimi sənə xəbər verməlidir.
Bəs, hansı mallar dəyişdirilmir?
Bəzi mallar var ki, onları dəyişdirmək və ya qaytarmaq olmaz. Məsələn, uşaq oyuncaqları, çimərlik paltarları, corablar və alt paltarları, bədəni təmiz saxlamaq üçün istifadə olunan şəxsi gigiyena əşyaları, diş fırçaları, daraqlar və s. dəyişdirilə və qaytarıla bilməz. Hər hansı qida məhsulu alıb mağazadan çıxmısansa və məhsulun yararlıq müddəti bitməyibsə, artıq həmin məhsulu da geri qaytara bilməzsən.
Malın ölçüsü, çəkisi və qiymətinə görə az miqdarda aldadılma dedikdə nə başa düşülür? Alıcıların malın ölçüsü, çəkisi və qiymətinə görə aldadılması müxtəlif formalarda ola bilər:
✽ Mağazada malın vitrində göstərilən qiymətindən kassada daha baha satılması.
✽ Kafe və restoranlarda yeməklərin menyudakı qiymətdən daha baha hesablanması.
✽ Çəki ilə satılan məhsulun qablaşdırmada göstəriləndən daha az olması.
✽Hesaba kiçik məbləğin əlavə edilməsi və ya yekun qiymətin səhv hesablanması.
Gəlin, gələcəkdə belə hallar baş verdikdə nə etməli olduğumuzu birlikdə öyrənək.
Mal satılan və xidmət göstərilən məkanlarda qiymətlər düzgün göstərilməlidir. Satışda olan bütün məlların üzərində adı, növü, qiyməti və istehsal tarixi yazılmalıdır. Mallar vitrində göstərilən qiymətlə satılmalı, kassada qiymət dəyişməməlidir.
Məsələn, aldığın şokoladın qiyməti vitrində 2 manat göstərilibsə, kassada ödəniş edərkən daha artıq pul tələb olunduqda sənin hüquqların pozulur və hesabda aldadılırsan. Belə hal olduqda dərhal satıcıya xəbər verməlisən. O yaranmış problemi aradan qaldırmalı və ödənişi vitrin qiymətinə uyğun şəkildə almalıdır.
Məsələn, ailə üzvlərinlə birlikdə çox sevdiyin pizza hazırlanan restorana getmisən. İlk növbədə sizə Azərbaycan dilində menyu təqdim olunmalıdır. Menyuda yemək və içkilərin tərkibindəki ərzaqlar, onların həcmi və qiymətləri barədə məlumat olmalıdır. Menyuda yeməklərin və içkilərin hansı qidalardan hazırlandığının qeyd olunması xüsusilə vacib məsələdir. Bu sizi allergiya və digər xoşagəlməz hallardan qoruya bilər. Beləliklə, menyu əsasında sifarişlərinizi edirsiniz və nuşicanlıqla yeyib-içirsiniz.
Sonda gətirilən hesaba mütləq diqqət edin, onu menudakı qiymətlərlə müqayisə edin. Hesaba xidmət haqqı da əlavə ounubsa, bu, menyuda mütləq qeyd olunmalıdır. Əks halda sizin hüquqlarınız pozulmuş olur.
Əgər hesabda artıq məbləğ göstərilibsə, bunu dərhal ofisianta, məsul şəxsə və ya admnistratora bildirin. Onlar yaranmış problemi aradan qaldırmalı, ödənişi düzgün qaydada almalıdırlar.
Bunları yadda saxla:
7 yaşına qədər uşaqlar nəsə ala, sata bilməz, sənəd imzalaya bilməzlər. Bu işləri onların yerinə valideynləri yerinə yetirir.
7-14 yaş arasında uşaqlar kiçik alış-veriş edə bilərlər. Məsələn, mağazadan ərzaq, kitab, dəftər, oyuncaq və s. kimi gündəlik əşyalar ala, yaxud ictimai nəqliyyata minmək üçün kartın balansını artıra bilərlər.
Sən valideynlərinin verdiyi pulu istifadə edə bilərsən. Məsələn, cib xərcliyi üçün verilən pulu məktəb ləvazimatı almaq üçün, yaxud ərzaq mağazasında, məktəb bufetində xərcləyə bilərsən.